Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin çoxu bank hesabında qalıb

14:51 - 23.05.2024


23 may, Fineko/abc.az. Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.

ABC.AZ xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 mln. manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200 mln. manatdan çoxu istifadəsiz saxlanılmışdır.

Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.