Azərbaycan və Tacikistan arasında çoxsaylı sənədlər imzalanıb

15:48 - 23.05.2024


23 may, Fineko/abc.az. Prezident İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. 

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Kabir Şerali “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzaladılar.

Ədliyyə naziri Fərid Əhmədov və Tacikistanın Hökuməti yanında İcra Xidmətinin rəisi Barno Saidvalizoda “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.