İqtisadiyyatda artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olub - Deputat

17:32 - 23.05.2024


23 may, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili rəhbərlik etdiyi komitənin iclasında – “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ötən il Azərbaycanda 111,6 milyad manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı proqnozlaşdırılsa da, faktiki rəqəm 123 milyard manat olub, ÜDM-in real artım tempi 1,1 % təşkil edib. Ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,5 % artımla 12,1 min manat olub. Qeyri-neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 3,7 %, payı 63,2 %, neft qaz sektoru üzrə ÜDM-in real artım tempi -1,7 %, payı 36,8 % olub. Neftin büdcə qiyməti 60 ABŞ dollarından götürülsə də, “Azeri Light” markalı “qara qızıl”ın bir barelinin orta illik qiyməti 43,5 % çox – 86,1 ABŞ dolları təşkil edib. Azərbaycanda əhalinin nominal gəliri 12,8 % artaraq 78,1 milyard manat olub”, – deyə o qeyd edib.