Ən aparıcı özəl korporasiyaların xalis mənfəəti 6 faiz azalıb

11:09 - 24.05.2024


24 may, Fineko/abc.az. Dünyanın aparıcı özəl korporasiyalarının bu ilin birinci rübündə xalis mənfəəti ötən illə müqayisədə 6% azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei məlumat yayıb.

Nəşrin yazısında qeyd edilib ki, onlar planetin bütün şirkətlərinin ümumi səhm qiymətinin 90%-dən çoxunu təşkil edən təxminən 24,6 min ən böyük özəl korporasiyanın fəaliyyətini öyrəniblər.

Bu şirkətlərin xalis gəliri birinci rübdə 1,11 trilyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 6% azdır.

Azalma, əsasən, ABŞ-dan sonra planetin ikinci ən güclü iqtisadi gücü olan Çində biznes şəraitinin pisləşməsi ilə bağlıdır. Belə ki, Çin korporasiyalarının xalis mənfəəti birinci rübdə təxminən 10% azalıb.