Azərbaycan 3 ölkə ilə müəssisənin yaradılması üçün memorandum imzalayıb

14:33 - 29.05.2024


29 may Fineko/abc.az. Rumıniyanın elektrik şəbəkəsi operatoru “Transelectrica” beynəlxalq tərəfdaşları olan Azərbaycanın enerji operatoru “AzərEnerji”, Gürcüstanın Dövlət Elektrik Sistemi və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən "yaşıl enerji"yə dair birgə müəssisənin yaradılması istiqamətində Anlaşma Memorandumu imzalayıb.

ABC.AZ xəbər verir ki, “Transelectrica” müəssisənin əsas məqsədinin 4 ölkənin hökumətləri tərəfindən qəbul edilən "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi olduğunu açıqlayıb.

"Yaşıl Enerji Dəhlizi" Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən Avropa Komissiyasının dəstəyi ilə qəbul edilən layihədir.

“Bu layihə regional enerji potensialını gücləndirəcək və Avropa İttifaqının enerji keçidi hədəflərinə uyğun şəkildə bərpa olunan mənbələrdən elektrik enerjisini rəqabətqabiliyyətli qiymətlərlə təmin edəcək”, - "Transelectrica" bildirib.

Layihənin məqsədi Avropa-Qafqaz bölgəsində "təmiz enerji" istehsalı və mübadiləsini qiymətləndirmək, bu cür mübadilələri asanlaşdırmaq üçün lazımi infrastrukturun yaradılmasıdır. (Report)