Azərbaycanda elektrik yuvaları istehsal olunacaq

15:12 - 30.05.2024


30 may, Fineko/abc.az. “Eel Electric” MMC 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb, şirkət Sənaye Parkının ərazisində elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq. Belə ki, müəssisədə 35-10 kV paylayıcı qurğular, 0.4 kV paylayıcı panellər, kondensator qurğuları, müxtəlif növ transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

ABC.AZ xəbər veri ki, “Eel Electric” MMC-nin təsisçisi və direktoru Vüsal Mirzəyev bildirib.

Müəssisədə hazırda tikinti işləri yekunlaşmaq üzrədir, təxminən indiyədək görülmüş işlərə 1,5 milyon manat investisiya yatırılıb və işlərin 75%-i yekunlaşıb. Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.

Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti quraşdırma işlərində geniş istifadə olunması planlaşdırılır. (Marja)