Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib

16:27 - 30.05.2024


30 may, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 37000:2021 “Governance of organizations. Guidance” beynəlxalq standart əsasında AZS ISO 37000:2024 “Korporativ idarəetmə. Rəhbəredici göstərişlər” yeni dövlət standartı qəbul edilib. 

Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, dövlət standartı idarəetmə orqanlarında vəzifələrin effektiv, diqqətli və səmərəli formada yerinə yetirilməsini, o cümlədən, idarəetmə prosesində inam, inklüzivlik, hesabatlılıq, etibarlılıq, operativlik, şəffaflıq və ədalətliliyi artırılmasını təmin edəcək idarəçilik prinsiplərini müəyyənləşdirir.

Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda korporativ idarəetmə prosedurlarını beynəlxalq tələblərə uyğunlaşdırmaqla maliyyə-iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına, risklərin effektiv idarə olunmasına, etibarlı daxili nəzarət sisteminin yaradılmasına imkan verəcək.