Peşə hazırlığına cəlb edilənlər üçün verilən təqaüdlər azaldılır

12:31 - 3.06.2024


3 iyun, Fineko/abc.az. Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədin qeyd hissəsində bildirilir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilməsi nəzərdə tutulur.

Belə ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.