Bu çimərliklərə getmək məsləhət görülmür - Siyahı

12:27 - 7.06.2024


7 iyun, Fineko/abc.az. 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.

Səhiyyə Nazirliyindən ABC.AZ-a verilən xəbərə görə, laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.

Aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.