“Apple” korporasiyası yeni iOS 18 əməliyyat sistemini təqdim edib

10:32 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Amerikanın “Apple” korporasiyası yeni iOS 18 əməliyyat sistemini təqdim edib. O, iPhone 16 seriyasının hələ təqdim edilməmiş modelləri və dəstəklənən digər qadcetlər üçün nəzərdə tutulub. Təqdimat “Worldwide Developers Conference” tədbiri çərçivəsində baş tutub.

ABC.AZ xəbər verir ki, əməliyyat sisteminin yeni versiyasında istifadəçilər proqram nişanlarının (icon) görünüşünü istənilən rəngə dəyişə və öz istəklərinə uyğun olaraq ekranda yerləşdirə biləcəklər.

Həmçinin idarəetmə mərkəzində vidcetlərin ölçüsünü fərdiləşdirmək və kilid ekranının künclərindəki düymələri dəyişmək mümkün olacaq.

“Foto” bölməsi də dəyişikliklərə məruz qalıb. Tərtibatçılar qeyd edirlər ki, bu, iOS tarixində ən böyük yeniləmədir. Bütün şəkillər avtomatik olaraq “Son günlər”, “Səyahət”, “İnsanlar və ev heyvanları” kimi kateqoriyalara bölünəcək. Kolleksiyalar real vaxt rejimində formalaşacaq.