Türkiyəyə ən çox qaz tədarük edən ikinci ölkə Azərbaycandır

15:02 - 11.06.2024


11 iyun, Fineko/abc.az. 2023-cü ildə Türkiyəyə qaz nəqlinin ümumi həcmində Azərbaycanın payı 20.32% təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) 2023-cü ilin yekunlarına dair hesabatında bildirilib.

Qurumun məlumatına görə, 2022-ci ildə Azərbaycan “mavi yanacağı”nın Türkiyənin qaz idxalında payı 15.93% təşkil edib.

2023-cü ildə isə Azərbaycandan Türkiyəyə qaz təchizatı 2022-ci ilin göstəricisini 17.8% üstələyərək 10.257 milyard kubmetr təşkil edib.

Qeyd edilib ki, 2023-cü ilin sonunda Azərbaycan TOP-3-ə daxil olub və Türkiyəyə təbii qaz tədarükçüləri arasında ikinci yeri tutub. Birinci yerdə Rusiya (2023-cü ildə Türkiyəyə tədarük olunan qazın ümumi həcmində onun payı 42.27% təşkil edib), Əlcəzair üçüncü yerdədir (11.86%).