Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı ötdü

12:18 - 12.06.2024


12 iyun, Fineko/abc.az. 2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olmuş, onlardan 897,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 19,0 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat olub. Yanvar-mart aylarında işçilərin orta aylıq nominal əməkhaqqısı 985,3 manat idi.