Hacıqabul Sənaye Parkı yaradılıb - FƏRMAN

14:50 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev  müvafiq Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir. 

Nazirlər Kabineti Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə altı ay müddətində zəruri tədbirlər görülməsini təmin etməlidir.