Bu ilin əvvəlində Azərbaycana ən çox investisiya yatıran ölkələr - SİYAHI

14:37 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübündə 1,5 milyard ABŞ dolları həcmində xaricdən birbaşa investisiyalar cəlb edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,5 milyard ABŞ dolları, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 330,5 milyon ABŞ dolları olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 346,7 milyon dollar həcmində mənfi saldo yaranmışdır. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6% təşkil etmişdir.

Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi rəqəmlərə əsasən xaricdən cəlb olunmuş sərmayələrin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,05 milyon ABŞ dolları və ya 0,5% artmışdır.

Ölkəmizə ən iri məbləğli sərmayə yatıran ölkələr arasında ilk üçlükdə Birləşmiş Krallıq, Türkiyə və Kipr qərarlaşıb. Adı çəkilən ölkələrdən daxil olan investsiyaların miqdarı 2023-cü ilin birinci rübünə nisbətdə azalıb.

2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin birinci rübündə Birləşmiş Krallığın yatırdığı investisiya məbləği 21 milyon 505 min manat, Türkiyənin yatırdığı investisiya məbləği  28 milyon 31 min manat, Kiprin yatırdığı investisiya məbləği  isə 9 milyon 512 min manat azalıb.

Digər yandan isə ölkəmiz yeni investorlar cəlb etməyə müvəffəq olub. Filippin, Braziliya, Koreya Respublikası, Əlcəzair və Malta dövlətləri 2023-cü ildə heç bir investisiya etməməsinə baxmayaraq artıq bu ilin ilk rübündən ölkəmizə sərmayələr ediblər. Adı çəkilən ölkələr arasında Azərbaycana ən çox sərmayə edən ölkə Filippindir. Filippin nə az nə çox  2 milyon 93 min manat sərmayə yatırıb.