BTQ ilə ildə 60 min ton mis daşınacaq

17:24 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə ildə 60 min ton mis daşınacaq.

ABC.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı müqavilə imzalanıb:

“BTQ-nin 184 kilometrlik Gürcüstan hissəsində təmir-bərpa, yenidənqurma və genişləndirmə işləri başa çatdıqdan və dəmir yolu xətti yenidən fəaliyyətə başladıqdan sonra bəzi müştərilərimiz dərhal bizə müraciət ediblər”.

BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.