Sığorta bazarında bir sıra islahatlara ehtiyac var

11:28 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Azərbaycanda sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda bildirib.

Çıxışında Ü. Cabbarova bildirib ki, bu gün sığorta bazarımız böyüyür, lakin bəzi çatışmazlıqlar var:

"Qlobal bazarlarda olduğu kimi müəyyən zəruri istiqamətlər üzrə islahatları bizim də davam etdirməyimizə böyük ehtiyac var. Bu zəruri tələblər sırasında ilk yeri rəqəmsallaşma və elektron innovasiyalar tutur ki, bu da əlçatan və keyfiyyətli xidmətin təmin olunmasında əvəzolunmaz vasitədir. Növbəti istiqamətimiz korporativ və yaxud ümumi sektorial güc göstəricisi olan data-dır. Reallıq ondan ibarətdir ki, məlumat bazası zəngin olan bazar iştirakçısı hər zaman bir addım öndədir. Daha sonra biz bu sırada informasiya təhlükəsizliyini vurğulaya bilərik. Biz sektor olaraq rəqəmsal mühitdə böyük həcmli informasiyalarla işləyirik. Məhz buna görə də kiberdayanıqlılığın təmin olunması bizim başlıca məqsədimizdir", - deyə o qeyd edib.