IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib

14:54 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

ABC.AZ xəbər verir ki, Baş Assambleyanın inzibati sessiyasında IOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyheyi (Ferenc Vágujhelyi) çıxış edib.

Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli seçilib.

Sessiya çərçivəsində 2024-2025-ci illər üzrə IOTA İcraiyyə Şurasının üzvləri də seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX İcraiyyə Şurasına sədrlik edəcək.