Kənd təsərrüfatı təyinatlı ərazilərin 25 faizi sığorta təminatına alınıb - Nazir

15:27 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Azərbaycanda tətbiq edilən aqrar sığorta sistemi qardaş Türkiyənin dəstəyi ilə formalaşdırılıb. Dövlət və özəl sektor əməkdaşlığı ilə qurulan bu sistem sığorta bazarını gücləndirir.

ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, aqrar sığorta sektoru ilə bağlı hədəflər genişdir. Daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərrdə tutulur. Qardaş Özbəkistanla əməkdaşlıq edirik və gələcəkdə yeni məhsullar olacaq.

Hamıya məlumdur ki, kənd təsərrüfatı birbaşa təbiətlə bağlı sahədir. Bu mənada planetimizdə müşahidə olunan qlobal iqlim dəyişikliyi aqrar sahəyə mənfi təsirini artırmaqdadır. Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması vəya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı erroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır.

Onun sözlərinə görə, aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Qabaqcıl dünya təcrübəsinə əsasən sığorta mexanizmləri aqrar sektorda risklərin idarəedilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm mexanizm hesab olunur. Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb. Ölkəmizdə aqrar sığorta sistemi qardaş Türkiyə Respublikasının TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir.