BP Xəzərdəki əməliyyatlarında dron texnologiyasının tətbiqinə başlayıb

15:50 - 20.06.2024


20 iyun, Fineko/abc.az. BP Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb.

ABC.AZ xəbər verir ki, “BP-Azerbaijan” şirkətinin məlumatına əsasən, şirkət ilk dəfə olaraq “Şahdəniz Alfa” platformasında boş çənlərə texniki baxış keçirmək üçün “Elios 3” dronlarından istifadə edib.

Bu, bp-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. Bu yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri də var – onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir.

Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək.