Mərkəzi Bank faiz qərarını açıqladı - Detallar

11:19 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

ABC.AZ Mərkəzi Banka İstinadən xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub.

İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub.

Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur.

May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.

Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.