14:18 - 21.06.2024
21 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
ABC.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verib.
Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.
12 May 2025