Neftçaladakı Muğan Liseyində qanunsuzluq - Cinayət işi açıldı

14:36 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

ABC.AZ xəbər verir ki, Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı həmin liseydə qeyri-qanuni sinif komplektinin yaradılması və məşğələlərin keçirilməməsi nəticəsində 35 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.