Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər belə tənzimlənəcək

14:43 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəlləyə təklif edilən yeni – 13-1-ci maddəyə uyğun olaraq həyata keçiriləcək.