Bu il bağlanma təhlükəsi olan sığorta şirkəti varmı?

15:25 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların maliyyə göstəriciləri Mərkəzi Bankın prudensial tələblərinə tam uyğundur.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.

Onun sözlərinə görə, maliyyə göstəricilərində olan uyğunsuzluğa, məcmu kapitalın çatışmazlığı ilə bağlı hər hansı bir hal yoxdur: “Bu səbəbdən də hansısa sığortaçının bazarı tərk etməsini gözləmirik. Çünki bunun üçün səbəb yoxdur”.

Z. Əliyev qeyd edib ki, sığorta bir biznes sahəsidir və orada səhmdarlar biznesin inkişafı ilə bağlı qərarı özləri verirlər: “Biznesin davam etdirilməsi və ya bazardan çıxması ilə bağlı səhmdarların qərarları ola bilər. Bizim bazar da digər ölkələrdəki kimi bu hallarla qarşılaşa bilər. Bu, normaldır və hər zaman baş verə bilər”.

Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azalıb. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib. (Report)