Türkiyədə elektriklə işləyən avtomobillərə tələb durmadan artır

15:35 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Türkiyədə cari ilin ilk 5 ayında tam elektriklə çalışan avtomobil satışlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 27 min 604-ə çatıb.

ABC.AZ xəbər verir ki, təkcə may ayının sonuna kimi 471 min 743 yeni avtomobil satılıb.

Sözügedən dövrdə avtomobil satışları 10,2 faiz artaraq 375 min 97 olarkən, kommersiya məqsədli avtomobil vasitələrinin satışları 7,9 faiz azalaraq 96 min 646 olub.

Bundan başqa, bu ilin 5 ayı ərzində benzinlə işləyən avtomobillər 247 min 828 ədəd satış ilə birinci, hibrid avtomobillər isə 54 min 65 ədəd satış ilə ikinci yerdədir.

Bildirilir ki, dizel avtomobil satışlarının azalmasının əsas səbəbi qlobal istehsalçıların dizel avtomobillərinin istehsalına son qoymağa davam etməsi, bu səbəbdən də yeni dizel avtomobillərin bazara çıxarılmamasıdır.

Yanvar-may aylarında ümumi satışın payı tam elektriklə işləyən avtomobillər üzrə 2,3 faizdən 7,4 faizə, hibridlər üzrə isə 10,6 faizdən 14,4 faizə yüksəlib.

Avtomobillər tam elektrik, geniş diapazonlu elektrik və hibrid kimi qiymətləndirildikdə, ümumi bazarın 22,7 faizinin elektrik mühərrikli avtomobillərdən ibarət olduğu görülür.

May ayında cəmi 7 min 349 elektromobil satılıb. Bu avtomobillərin may ayında bazar payı 9,2 faiz olaraq hesablanıb. (Azərtac)