Azərbaycanda ağıllı axtarış aparan süni intellekt hazırlanıb

17:02 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Son illərdə süni intellekt üzrə yeni həllər və məhsulların yaradılması texnoloji innovasiyaların tətbiqinə olan marağı daha da artırıb.

ABC.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Startap” şəhadətnaməsi almış “Ainuverse” MMC-nin startapı - “AinuVision” proqram təminatı da olduqca maraqlı süni intellekt məhsullarından biridir.

Layihənin yaradıcısı MMC-nin təsisçisi və icraçı direktoru, süni intellekt üzrə mütəxəssis, ABŞ Kommersiya Departamentinin Standartlar və Texnologiya üzrə Milli İnstitutu (NIST) tərəfindən keçirilən, 400-dən çox nüfuzlu xarici şirkətin iştirak etdiyi müsabiqədə dünyanın 8-ci üztanınma alqoritminin müəllifi seçilən azərbaycanlı gənc Orxan Həsənlidir.

Layihə haqqında məlumat verən O.Həsənli bildirib ki, “AinuVision” proqram təminatı süni intellekt texnologiyasından istifadə etməklə video məzmunun idarə edilməsi və əldə olunması üsullarını asanlaşdırır, nəticədə vaxta və resurslara qənaət edilir.

“AinuVision” “Kompüterin Görməsi” (Computer Vision) və “Təbii Dil Emalı” (Natural Language Processing) texnologiyasından istifadə olunmaqla görüntünün axtarılan mətnə əsasən tapılmasını təmin edən süni intellekt alqoritmindən ibarətdir.

Proqram istənilən video formatda olan fayllarda və ya təhlükəsizlik kameralarında insan görüntüsünü qəbul edərək prosesi analiz edir və xəbərdarlıq siqnalı verir.

Hazırda dünyada istifadə olunan video məzmunu tanıma həlləri və ya ağıllı kameralar spesifik öyrədilmiş ənənəvi süni intellekt alqoritmlərindən istifadə edir və yalnız bir neçə hadisəni tanımağa malikdir:

“Bu həllərin və ya kameraların bütün hadisələri tanımasını istəyiriksə, hər bir spesifik kateqoriya üçün yeni əlavə süni intellekt modelləri yaratmalıyıq”.