ARDNF BƏƏ-də təhsil şəbəkəsinə yatırım edib

10:20 - 28.06.2024


28 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım edib.

ABC AZ xəbər verir ki, ARDNF “GEMS Education” şirkətinə yatırımı 17 iyun 2024-cü il tarixində investorlar konsorsiumunun üzvü olaraq edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkəti həyata keçirib.

Özəl səhm bazarında əsas hədəf sahələri infrastruktur xidmətləri, sənaye və biznes xidmətləri olan “Brookfield Asset Management” şirkəti 1899-cu ildə yaradılıb və hazırda idarə etdiyi aktivlərin toplam dəyəri 900 milyard ABŞ dollarına çatmaqla bazarda fəaliyyət göstərən ən nüfuzlu investisiya menecerlərindən birinə çevrilib. Sözügedən konsorsiumda “Brookfield Asset Management” şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları iştirak edib.