Türkiyə Bosfor və Dardanel boğazından keçən ticarət gəmilərinin tranzit haqqını artırdı

16:03 - 1.07.2024


1 iyul, Fineko/abc.az. Bosfor və Dardanel boğazlarının xarici ticarət gəmilərinin keçməsi üçün rüsum iyulun 1-dən xalis tonaj (xalis ton) üçün 5,07 dollara qədər artırılıb, halbuki bir il əvvəl tətbiq olunan rüsum 4,42 dollar olub.

ABC.AZ xəbər verir ki, müvafiq qərarı Türkiyə Nəqliyyat Nazirliyi qəbul edib.

Onun sənədində qeyd olunur ki, tariflərin artırılması planlıdır. Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu daha əvvəl bildirib ki, yığım məbləğinə yenidən baxılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 oktyabr 2022-ci il tarixli fərmanı əsasında həyata keçirilir.

1936-cı ildə Bosfor və Dardanel boğazlarında gəmiçiliyi tənzimləyən Montreux Konvensiyasına görə, ticarət gəmilərinin oradan dayanmadan keçməsi üçün tibbi nəzarət, mayak və gəmi evakuasiya xidmətləri üçün ödənişlər var. 1983-cü ildən etibarən ödənişlər Qızıl Frank əsasında hesablanırdı və gəminin xalis tonu üçün 0,80 dollar təşkil edirdi. 2022-ci ilin oktyabrında bu qayda dəyişdirildi və tarif 4.08 dollara qaldırıldı.

Türkiyə hakimiyyəti bundan əvvəl bildirmişdi ki, xarici gəmilərin boğazlardan istifadə haqlarının artırılması xəzinəyə ildə ən azı 900 milyon dollar gətirəcək.