Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

15:45 - 2.07.2024


2 iyul, Fineko/abc.az. Bu ilin iyun ayı ərzində Bakı metropolitenində QR biletlə ödəniş edən istifadəçilərin sayı may ayının (447 min 237 sərnişin) göstəriciləri ilə müqayisədə 66,6 % artaraq, 745 min 138 sərnişin təşkil edib.

ABC.AZ “Bakı Metropoliyeni”nə istinadən xəbər verir ki, bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı ay ərzində ilk dəfə 20 min həddini keçib – 24 min 838 sərnişin olub.

Ay ərzində ən çox sərnişin iyun ayının 28-də qeydə alınıb və bir gün üçün 38 min 890 nəfər təşkil edib. Qeyd edək ki, may ərzində rekord göstərici 22 min 55 sərnişin olmuşdu. Ümumiyyətlə, iyun ayının 14-dən sonra iş günlərində QR bilet istifadəçilərinin sayı günbəgün artmaqla, 30 min sərnişindən çox olub.

Ümumən ilin əvvəlindən istifadəçilərin sayı 1 milyon nəfəri ötərək, 1 milyon 725 min 35 sərnişin təşkil edib.

İlin ilk 4 ayı üzrə yanvarda 109 min 680, fevralda 148 min 25, martda 177 min 567 və apreldə 257 min 198 sərnişin QR bilet istifadəçisi kimi metropolitenə daxil olub.