Çin şirkəti 2028-ci ildən Azərbaycanda elektrik enerjisinin saxlanması üçün batareyaların yığımına başlayacaq

16:26 - 2.07.2024


2 iyul, Fineko/abc.az. Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki,imzalanma Azərbaycanın Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə baş tutub.

İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.