Qarabağ Universitetində 27 ixtisas üzrə 1120 tələbənin təhsil alacaq

16:55 - 5.07.2024


5 iyul, Fineko/abc.az.  Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.

ABC.AZ  xəbər verir ki, bu barədə  elm və təhsil naziri Emin Əmrullayev   iyulun 5-də  Xankəndi şəhərində Qarabağ Universitetində görüləcək işlərlə barədə Prezident İlham Əliyevə məlumat verib.

Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır.

Yüksək bal toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin təşkili planlaşdırılır.

Diqqətə çatdırıldı ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək.