Bakıda bahalı kirayə mənzillər ən çox bu ərazilərdədir

10:48 - 8.07.2024


8 iyul, Fineko/abc.az. Hazırda kirayə mənzil bazarında qiymətlər birotaqlılar üçün minimum 300 manatdan başlayır və 400 manata qədər dəyişir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Ramil Qasımzadə bildirib.

O qeyd edib ki, ikiotaqlılar təxminən 400-700 manata, üçotaqlılar isə təqribən 500 manatdan başlayaraq 800-1000 manata qədər təklif olunur. Onun sözlərinə görə, yeni tikili binalarda isə qiymətlər kvadratmetrindən asılı olaraq formalaşır. Bir kvadratmetrin qiyməti təxminən 7 manatdan başlayaraq 12 manata qədər dəyişə bilir. 

Ekspert söyləyib ki, metro stansiyalara yaxın ərazilərdə yerləşən mənzillər daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur:

"Demək olar ki, qiymətlərin baha olduğu ərazilər metro yaxınlığında yerləşən mənzillərdir. Belə mənzillərin qiyməti digərlərindən fərqli olaraq təxminən 15-20% daha bahadır. Məsələn, metronun yaxınlığında birotaqlı mənzil 400 manatdırsa, bir qədər kənarda eynisini 300 manata da tapmaq olar. Paytaxtda kirayə mənzillərin baha olduğu rayonlara Səbail, Nərimanov və Nəsimi daxildir. Xətai, Sabunçu və Suraxanı rayonlarında isə kirayə mənzil qiymətləri nisbətən aşağıdır".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, tədris ilinin başa çatması əvvəlki illərdə bazarda təklifin artmasına gətirib çıxarırdı. Onun sözlərinə görə, amma bu hal son illərdə, xüsusən pandemiyadan sonra müşahidə edilmir:

"Çünki növbəti tədris ilində Bakıda qalacaq tələbələr, demək olar ki, evləri boşaltmırlar, ev yiyəsi ilə hər hansı bir formada razılığa gəlirlər. Çünki iki aydan sonra yenidən ev axtardıqda tapmaq mümkün olmur. Bütün bunlara baxmayaraq, bu dövrlərdə az da olsa təklif artımını müşahidə edirik. Əvvəlki illərdə bu, qiymət azalmasına səbəb olurdu. Amma son illərdə bu müşahidə olunmur. Yəni qiymət azalması baş vermir. Çünki təklif portfelinin məhdudlaşması tendensiyası davam edir".

Ekspert vurğulayıb ki, hazırda kirayə mənzilə olan tələbat yüksək həddə çatıb, bununla yanaşı mənzil tapmaq çətinləşib:

"Bu səbəbdən də biz bu dövrdə də azalma müşahidə etmirik. Amma məsələ burasındadır ki, hər il payız mövsümünə doğru qiymətlərdə artım müşahidə olunur. Hesab edirəm ki, bu il də təqribən oxşar tendensiyanı müşahidə edəcəyik. Hər bir halda qısamüddətli bir dövrdür. İndidən qiymətlərin hansı səviyyədə dəyişəcəyini söyləmək çətindir. Şəhərsalma prosesi davam edir. Şəhər mərkəzinə yaxın olan ərazilərin söküntüsü baş verir. Belə olan halda hər gün yeni qərarların qəbul olunması nəticəsində, ola bilər ki, təklif portfelinin əsas hissəsini təşkil edən hansısa bir ərazinin söküntüsünə başlanılsın. Bu isə payız aylarına doğru qiymətləri daha çox artıra bilər".