“Kaztransoyl” şirkəti Bakı istiqamətində 700 min tondan çox neft nəql edib

17:11 - 19.07.2024


19 iyul, Fineko/abc.az. “Kaztransoyl” 2024-cü ilin yanvar-iyun ayları arasında Bakı istiqamətində 700 min tondan çox neft nəql edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"2024-cü ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə Bakı – Tbilisi – Ceyhan neft kəməri istiqamətində 701 200 ton Qazaxıstan nefti nəql edilib ki, bu da 2023-cü ilin birinci yarısından 328 100 ton çoxdur", - deyə məlumatda bildirir.

Şirkətdən verilən məlumata görə, təkcə 2024-cü ilin iyun ayında "Kaztransoyl" Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində 123 700 ton Qazaxıstan nefti göndərib.

Bundan əlavə, şirkət daha əvvəl nəqliyyat həcmi proqnozlarının 2024-cü ilin sonuna qədər dəyişməyəcəyini bildirmişdi.

"2024-cü il ərzində Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində 1,5 milyon tona qədər neftin nəqli planlaşdırılır. "Kaztransoyl" nəql cədvəlinə uyğun olaraq neft ötürür. Bu cədvəl Qazaxıstanın Energetika Nazirliyi tərəfindən göndəricilərin müraciətləri əsasında təsdiqlənir", - şirkət əlavə edib.

Qeyd olunur ki, 2023-cü ilin sonunadək Aktau limanında "Kaztransoyl"un gücü ilə tankerlərə yüklənən neftin həcmi 3,376 milyon ton təşkil edib. Bu həcmin 1,057 milyon tonu Bakı-Tbilisi-Ceyhana yönəldilib.