Azərbaycanda FM radioyayım avadanlıqlarının müasirləşdirilməsinə ehtiyac var - Nazir müavini

11:00 - 22.07.2024


22 iyul, Fineko/abc.az. Azərbaycanda FM radioyayımlar əsasən paytaxt ərazisində yayımlanıb və bölgələrdəki əhalinin milli radio proqramlarını qəbuletmə imkanı məhdud olub.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O, qeyd edib ki, FM radioyayım avadanlıqları parkının müasirləşdirilməsinə, radioyayım infrastrukturunda müəyyən təmir-bərpa işlərinin görülməsinə ehtiyac yaranıb:

“Həmçinin bəzi stansiyalarda elektrik enerjisi təsərrüfatı köhnəldiyi üçün dayanıqlı enerji təminatı vacib bir məsələyə çevrilib. Bütün bu amillər FM radioyayım şəbəkəsinin keyfiyyətinin və dayanıqlılığının artırılması üçün kompleks həll tələb edir.

Sözügedən Sərəncamın məqsədi məhz buna yönəlib. Belə ki, radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla milli radioların bütün ölkə ərazisində yayımının təmin olunması və bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi Sərəncamdakı mühüm məqamlardan biridir”.

O, bildirib ki, bu layihə çərçivəsində həm də yeni texnologiyaların istifadəsi nəzərdə tutulub:

“Qurulmaqda olan Radio Data Sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitəsi bir bölgədən digər bölgənin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyədək mövcud olan tezliklərin dəyişməsi, radiosiqnalın itməsi kimi problemləri aradan qaldıracaq". (Apa)