Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət ixrac edəcək

12:05 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət hissələri ixrac edəcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı Bakıda “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb:

“İmzalanan Niyyət protokoluna əsasən, Vyetnam şirkətlərinin tələbatına əsasən Azərbaycandan ət ixrac ediləcək. İxracın həcminin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər”.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin birinci yarısında Azərbaycandan Vyetnama 302 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 282 dəfə azalıb.

Eyni zamanda bu ilin iki rübündə Azərbaycan Vyetnamdan 63 milyon 386 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8% azalma deməkdir. (Report)