Azərbaycanın qranit zavodu Mərkəzi Asiya ölkələrinə məhsul ixrac edəcək

12:29 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Azərbaycanın ilk süni mərmər və qranit istehsalı müəssisəsi olan “NB Seramik” zavodu gələn il istehsal gücünü 4 dəfə artıracaq.

ABC.AZ xəbər verir ki, bunu “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.

Onun sözlərinə görə, Gəncə şəhərində yerləşən, Azərbaycanda ilk dəfə olaraq keramoqranit istehsal edən “NB Seramik” zavodunda yeni istehsal xətti yaradılacaq.

Bunun hesabına mövcud illik 3 milyon kvadratmetrlik istehsal gücünün 12 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur.

İstehsalın artırılması zavodun ixrac imkanlarını genişləndirəcək. Azərbaycanın daxili tələbatını ödəyən bu məhsullar hazırda Rusiya və Gürcüstana ixrac edilir.

Zavod məhsullarını Qazaxıstan və Özbəkistan bazarına da ixrac etmək üçün müəyyən razılaşmalar əldə edib.