Prezident Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub

14:21 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub. ABC.AZ xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar.

8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.