Azərbaycanda 6 qədim yemiş sortu bərpa edilib

15:00 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksionerləri Azərbaycanın 6 qədim yemiş sortunun bərpasını həyata keçiriblər.

ABC.AZ xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar zamanı itməkdə olan yemiş sortlarının toxumlarından nümunələr götürülüb.

Nünunələr institutun seleksiyaçı alimləri tərəfindən öyrənildikdən sonra biotexnologiya laboratoriyasında çoxaldılıb və ilkin toxumçuluğu həyata keçirilib. Yenidən bərpa olunan qədim yemiş toxumlarının Kürdəmir rayonundakı fərdi təsərrüfatda eksperimental əkini aparılıb.

Kürdəmirli fermer Nizami Bədəlovun təsərrüfatında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçılarının tərtib etdiyi proqrama uyğun olaraq aqrotexniki qulluq həyata keçirilib. Nəticələr uğurlu olub və ölkəmizin itməkdə olan “Reyhani”, “Şahnəzər”, “Qəndi”, “Boz Dəli”, “Sineyvaz” və “Uzundadaş” yemiş sortlarının bərpası mümkün olub. Təsərrüfatda qədim yemiş sortları ilə yanaşı, İnstitut tərəfindən yaradılmış “Nihal”, “Günəş, “Xurşud”, “Sədəf”, “Kəhrəba” və “Yaqut” adlı yeni yemiş sortlarının, eyni zamanda əlavə olaraq 5 qarpız və 5 yemiş sortunun eksperimental əkini həyata keçirilib. Sınaq əkinləri Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsinin böyük elmi işçisi Xurşud Məmmədova və kiçik elmi işçi Türkan Hacıyevanın nəzarəti altında aparılıb. Qədim sort nümunələri ilə yanaşı yeni sortların sınaq əkinlərində də uğurlu nəticələr əldə edilib.