Bu gündən “tedaruk.az” portalında təkliflərin yerləşdirilməsinə başlanılıb

14:15 - 1.08.2024


1 avqust, Fineko/abc.az. Bu gündən başlayaraq sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ -a bildirilib ki, istehsalçı və satıcılar “tedaruk.az” saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.

Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar.

Qeyd edək ki, “tedaruk.az” elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları  ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.