Intel ikinci rübdə 1,6 milyard dollar zərər edib

12:07 - 2.08.2024


2 avqust, Fineko/abc.az. Dünyanın ən böyük çip istehsalçılarından olan Intel-in balans hesabatı şirkətin gəlirlərinin ikinci rübdə azaldığını göstərib.

ABC.AZ hesabata istinadla xəbər verir ki, Intel-in gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz azalaraq 12,8 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 12,9 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.

Bu dövrdə Intel-in gəliri bazar gözləntilərini doğrultmadı. Gözləntilər şirkətin gəlirinin 12,94 milyard dollar olacağı idi.

Keçən ilin ikinci rübündə 1,5 milyard dollar xalis mənfəət əldə edən Intel, bu ilin eyni dövründə 1,6 milyard dollar zərər gördüyünü bildirib.

Çip istehsalçısının səhm başına itkisi eyni dövrdə 38 sent olub. Intel ötən ilin ikinci rübündə səhm başına 35 sent mənfəət əldə etdiyini açıqlamışdı.

Intel-in balans hesabatında, işçilərin sayının 15 faizdən çox azaldılması da daxil olmaqla, xərclərin hərtərəfli azaldılmasının planlaşdırıldığı bildirilib.