Ölkə ərazisində quraşdırılan yeni nəsil NKA-ların sayı 100 minə yaxınlaşır

14:14 - 7.08.2024


7 avqust, Fineko/abc.az.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

ABC.AZ  Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 99 min 690 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyard manat, yaxud 10,1 faiz çoxdur.