Azərbaycanda KOB gömrük anbarı yaradılıb

16:37 - 7.08.2024


7 avqust, Fineko/abc.az.  İdxal sahəsində KOB subyektlərinin işini daha da asanlaşdırmaq məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb.

Bu barədə  ABC.AZ İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Bildirilir ki, “KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) və KOBİA-nın birgə təşəbbüsü ilə yaradılıb. DGK-nın sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar. 

Qeyd edilib ki, Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından yararlana bilərlər. Anbar 1 350 kvadrat metr ərazini əhatə edir və burada KOB subyektlərinin kiçik həcmli malları saxlanılır, gömrük rəsmiləşdirilməsi isə “Bakı KOB evi”ndə həyata keçirilir.