"Bakı Fond Birjası"nın dövriyyəsi artıb

17:17 - 7.08.2024


7 avqust, Fineko/abc.az.  Cari ilin yeddi ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 827,201 milyon manat təşkil edib. Bu isə, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 8 709 olub.

BFB-nin dövriyyəsinin 76,6 %-i, yaxud 18 milyard 243,220 milyon manatı repo əməliyyatları üzrə əqdlərin payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,5 % artaraq 4 329,042 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 64,8 % artaraq 1 milyard 254,939 milyon manat olub.