“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2,4 dəfə artırıb

14:33 - 8.08.2024


8 avqust, Fineko/abc.az.  “Kazmortransflot” şirkəti (“KazMunayQaz”ın törəmə şirkəti) bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 25,5 min ədəd iyirmi fut tutumlu konteynerin (TEU) daşınmasını həyata keçirib.

ABC.AZ "Report"a istinadla xəbər verir ki, KMG-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 2,4 dəfə artıb.
“2019-cu ilin aprel ayında Aktau-Bakı xətti işə salındıqdan sonra “Kazmortransflot” tərəfindən konteyner daşımalarının ümumi həcmi bu ilin avqust ayının əvvəlində 100 min TEU-ya çatıb”, - məlumatda deyilir.

Bu ilin 7 ayı ərzində “Kazmortransflot” şirkəti tərəfindən Xəzər dənizi ilə 1 milyon 292 min ton neft daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Hesabat dövründə Aktau-Bakı marşrutu ilə neft nəqli 75 % artaraq 246 min tondan 431 min tona çatıb”, - məlumatda bildirilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.