“General Motors” Çində ixtisar etməyi planlaşdırır

10:13 - 13.08.2024


13 avqust, Fineko/abc.az. Amerikanın avtomobil istehsalçısı “General Motors”, ölkədəki biznesi davamlı mənfəətə qaytarmaq üçün Çində ixtisarlar planlaşdırır. 

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən məlumat verir.
“General Motors” rəhbərliyi tezliklə Çində ortaq bir müəssisəyə sahib olduqları Çin dövlət avtomobil şirkəti “SAIC” ilə görüşəcək. Hər iki təşkilatın rəhbərliyi işçilərin ixtisarı da daxil olmaqla ümumi işlərinin yenidən təşkili qaydalarını müzakirə edəcəklər. Bildirilir ki, tədqiqat və inkişaf şöbəsinin işçiləri işdən çıxarıla bilər. Bununla belə, ixtisara düşə biləcək işçilərin təxmini sayı göstərilmir.

İyunun 30-da başa çatan keçən rübdə “General Motors” Çində 104 milyon dollar zərər çəkmişdi, 1 yarım il ərzində isə göstərici 210 milyon dollar təşkil etmişdi. ABŞ şirkətinin “SAIC” ilə 30 illik müqaviləsi 2027-ci ildə başa çatır və bu vaxta qədər “General Motors” Çin biznesini mənfəətə qaytarmağa ümid edir.