Xəzər dənizi vasitəsilə yaşıl enerji ixracının layihələndirilməsinə dörd-beş il lazım olacaq

17:31 - 15.08.2024


15 avqust, Fineko/abc.az. Qazaxıstanda Xəzər dənizi vasitəsilə elektrik enerjisinin nəql edilməsi layihəsi haqqında bəzi detallar təqdim edilib.

Qazaxıstan mediasınım xəbərə görə, energetika nazirinin müavini Sunqat Yesimxanov bildirib ki, layihə Xəzər dənizinin dibindən kabel vasitəsilə Azərbaycana, oradan isə Avropaya elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.

“Hazırda danışıqlar müzakirə mərhələsindədir, artıq memorandum imzalanıb, lakin hələ çoxsaylı sazişlər qarşıdadır. Bu, məhz Qazaxıstan və Özbəkistandan yaşıl enerji ixracını optimallaşdıracaq bir transmissiya dəhlizi olacaq”, - deyə o bildirib.

Yesimxanovun sözlərinə görə, əgər layihə sabahdan qüvvəyə minsəydi, Qazaxıstan buna hazır olmazdı: “Layihələndirmə və müxtəlif tədqiqatlar üçün dörd-beş il lazım olacaq”.
© Azertag.az