Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı ictimai dinləmələr keçirilib

15:09 - 20.08.2024


20 avqust, Fineko/abc.az. Astanada Qazaxıstanın Energetika Nazirliyinin respublikada Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı planlarının açıq müzakirəsi keçirilib. Qurumun mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan paytaxtında görüş sonuncu olub, bundan əvvəl regionlarda dinləmələr keçirilib.

ABC.AZ xəbər verir ki, nüvə sənayesi mütəxəssisləri, dövlət qurumlarının, ictimaiyyətin və mülki sektorun nümayəndələri ictimai dinləmələrdə iştirak etdilər.

"Qazaxıstan atom elektrik stansiyaları"nın baş direktoru Timur Jantikinin sözlərinə görə, daha öncə 13 müxtəlif AES layihəsi təklif olunub, onlardan dördü seçilib. O hesab edir ki, AES-in tikintisi ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Bununla yanaşı, Qazaxıstanın enerji qurumu izah etdi ki, AES-in tikintisi üçün passiv və aktiv təhlükəsizlik sistemlərinə malik olan maksimum təhlükəsiz nəsil III və III+ reaktorlarından istifadə etmək təklif olunur.