Yeddi ayda könüllü sığorta və icbari sığorta üzrə yığımlar artıb

15:51 - 21.08.2024


21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda könüllü sığorta növləri üzrə 624 milyon 107 min manat, icbari sığorta növləri üzrə 209 milyon 473 min manat sığorta haqqı toplanılıb.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.6% və ya 64 milyon 820 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 3.4% və ya 6 milyon 959 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 65.7% artaraq 366 milyon 813 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 19% artaraq 73 milyon 378 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 58.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ilin ilk 7 ayında 39.6 manata bərabər olub. Bu ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 7 ayında 30.4 manata bərabər idi.