"Uber"-i buna görə 290 milyon avro cərimələdilər

14:50 - 26.08.2024


26 avqust, Fineko/abc.az. Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi (Autoriteit Persoonsgegevens, AP) Amerikanın taksi sifarişi xidməti Uber-i avropalı sürücülərin şəxsi məlumatlarını ABŞ-a köçürdüyünə görə 290 milyon avro cərimələyib.

ABC.AZ xəbər verir ki, bu barədə idarənin saytında dərc olunan məlumatda deyilir.

Şirkətin bu cür hərəkətləri Avropa İttifaqının (Aİ) Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) pozulması kimi qiymətləndirilir.

Bundan əlavə, AP-nin sədri Aleid Volfsenin sözlərinə görə, Uber sürücülərin şəxsi məlumatlarını Amerikadakı qərargahına ötürərkən lazımi səviyyədə müdafiəni təmin etməyib. Belə ki, şirkət məxfi məlumatları, o cümlədən ödəniş rekvizitləri və sürücünün şəxsiyyət vəsiqələrini, habelə tibbi məlumatları toplayıb və lazımi şəxsi məlumatların mühafizəsi vasitələrindən istifadə etmədən Amerika serverlərində saxlayıb.

Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi 170-dən çox fransalı taksi sürücüsü hüquq müdafiə təşkilatı ilə əlaqə saxladıqdan sonra Uber ilə bağlı araşdırmaya başlayıb.

Uber-in Avropadakı baş ofisi Hollandiyada yerləşir.

Reuters-in məlumatına görə, Uber Hollandiya hakimiyyətinin qərarını səhv və əsassız hesab edir və şirkət buna etiraz etmək niyyətindədir.

Uber, taksi sifariş etmək üçün eyni adlı mobil proqram yaratmış Amerikanın beynəlxalq şirkətidir. Şirkət 2009-cu ildə yaradılıb. Uber-in baş ofisi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir.