İyul ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2,7 milyon ton neft nəql edilib

17:11 - 26.08.2024


26 avqust, Fineko/abc.az. 2024-cü ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neftin nəqli 2,7 milyon ton təşkil edib. Bu, rekord göstəricidir.

ABC.AZ xəbər verir ki, Gürcüstan Neft və Qaz Korporasiyasının məlumatına görə, adətən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ayda 2,5 milyon ton neft ötürülür, lakin iyul ayında neft kəməri xüsusilə sıx işləyirdi.

Ümumilikdə, bu ilin yeddi ayında boru kəməri ilə 17,4 milyon ton neft nəql edilib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 2,5% azdır.

Hazırda boru kəməri ilə əsasən Azərbaycan nefti nəql olunur, eyni zamanda Qazaxıstan və Türkmənistan nefti də ötürülür.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb, 2005-ci ilin mayında isə boru kəməri fəaliyyətə başlayıb.

Neft kəmərinin ümumi uzunluğu 1 768 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisindən, 249 km-i Gürcüstan ərazisindən, 1 min km-dən bir qədər çoxu isə Türkiyədən keçir.